00:13 18-07-2021
news_image
1361
FUTBOL

“Legiya”nı xilas etdi, penaltini qaçırdı – Mahir Emreli

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın “Legiya” klubunda növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı hücumçu Polşa Superkubokunun “Rakuv”la qarşılaşmasında iştirak edib.

Təmsilçimiz Varşavadakı Ordu Stadionunda keçirilən qarşılaşmanın 58-ci dəqiqəsində meydana daxil olub. Bununla da Emreli ikiqat debüt edib. İndiyədək yalnız Çempionlar Liqası və yoxlama oyunlarında meydana çıxan forvard Polşa miqyaslı turnirlərdə ilk dəfə şans qazanıb. Azərbaycanda Superkubok keçirilmədiyindən Mahir karyerasında ilk dəfə belə turnirin iştirakçısı olub.

Matçın 10-cu dəqiqəsində erkən qol vuran “Rakuv” üstünlüyə yiyələnib. Məğlubiyyətdən qaçmağa çalışan “Legiya”nı Mahirin meydana daxil olması da xilas edib. O, 90+3-cü dəqiqədə bərabərlik qoluna imza atıb.

Superkubokun sahibi penaltilər seriyasında bəlli olub. Daha dəqiq olan “Rakuv” mükafata yiyələnib (4:3). 3-cü zərbəni yerinə yetirən Mahir qol vura bilməyib. Onun zərbəsi dirəyə tuş gəlib.

Qeyd edək ki, bu, Mahirin “Legiya”da 3-cü rəsmi oyunu olub. O, bunadək Çempionlar Liqasının 2 matçında 2 qol vurub.