14:44 27-07-2021
news_image
1218
FUTBOL

Nadir Nəbiyev: “Olimpiakos”la matçda “Neftçi”ni daha üstün sayıram” - MÜSAHİBƏ

“Neftçi”nin sabiq hücumçusu, hazırda “Turan Tovuz” klubunun icraçı direktoru vəzifəsində çalışan Nadir Nəbiyevin apasport.az saytına müsahibəsi

- Çoxları “Neftçi” – “Olimpiakos” cütünün taleyinin ilk görüşdə həll olunacağını düşünsə də, bu gün hər kəs Azərbaycan klubunun qələbəni əldən qaçırdığını deyir. Cavab matçından nə gözləmək olar?
- “Neftçi”, həqiqətən də, Yunanıstandakı görüşdə çox yaxşı oynadı. Matça yaxşı başladı, kifayət qədər qol imkanları yaratdı. Bu da “Neftçi”nin cavab qarşılaşmasında qələbə qazanaraq mərhələ adlamasına ümid verir. Mətbuatda oxuduğuma görə, “Olimpiakos”da çoxlu itkilər var. Düşünürəm ki, komandamız ilk görüşdəki mübariz futbolu təkrarlasa, qələbə qazana bilər.

- “Neftçi” də oyuna itkilərlə çıxacaq. Xüsusən də, Namik Ələskərovun yoxluğunda komanda hücumda ciddi problem yaşamaz?
- Bəli, Namikin yoxluğu problem yarada bilər. Buna baxmayaraq, “Neftçi”nin hər zaman ehtiyat qüvvəsi olub. “Neftçi”nin Namiksiz keçirdiyi matçlarda da başqa futbolçular ön plana çıxmağı bacarıb. Əlbəttə ki, bu, itkidir, çətinlik yaradacaq. Ancaq “Neftçi” bir futbolçudan asılı olmamalıdır. Namikdə artıq özünəinam, qol vurmaq istəyi var, əla forma yığıb. Hücumçu qol vura bilmədikcə özünəinamı itir. Bu baxımdan Ələskərovun yoxluğu qol yollarında sıxıntı yarada, müəyyən mənada oyuna təsirini göstərə bilər.

- Yunanıstandakı 0:1 hesablı məğlubiyyətdən sonra cavab görüşü öncəsi “Neftçi”nin növbəti mərhələ şansını nə qədər görürsüz?
- Şəxsən mən “Neftçi”ni daha üstün sayıram. Tbilisi “Dinamo”su ilə əvvəlki mərhələ matçlarında müdafiədə çox boşluqlar oldu. Ancaq “Olimpiakos”la ilk görüşdə komandanın bundan dərs çıxardığı göründü.

- Birinci matçda qırmızı vərəqə alan Mert Çelik də cavab oyununu buraxacaq. Üstəlik, yeni transferlər hələ tam hazır deyillər. Bu amil müdafiədə sıxıntıya yol açmaz?
- Müəyyən dərəcədə təsiri ola bilər. Amma bu, sıradan bir komanda deyil, “Neftçi”dir. Yəqin ki, baş məşqçi Samir Abasov müdafiə xəttindəki o boşluğu hansısa oyunçu ilə dolduracaq. Burada artıq fərdlər vacib deyil. Əsas odur ki, “Neftçi” kollektiv şəkildə müdafiədə düzgün oynamalı və ələ düşən imkanlardan istifadə eləməlidir. Bundan başqa, tələsmək də olmaz. İlk oyundakı məğlubiyyətə baxmayaraq, Bakıda ən azı 90 dəqiqə vaxt olacaq. Artıq səfər qolu üstünlüyü də yoxdur.

Ruslan Sadıqov