14:59 03-08-2021
news_image
574
TOKİO-2020

Rafiq Hüseynov erməniyə qalib gəlib, medal qazandı – Tokio-2020

Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti medalını qazanıb. 

Apasport.az saytının məlumatına görə, yığmamızın aktivinə 3-cü mükafatı yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) əlavə edib. 

Bir gün öncə 1/4 finalda məğlub olmasına baxmayaraq, rəqibi finala qədər irəliləyən pəhləvan bu gün təsəlliverici görüşə çıxıb. İkiqat Avropa çempionu tunisli Lamyed Maafi ilə üz-üzə gəlib. Qarşılaşma Hüseynovun tam üstünlüyü ilə (11:1) yekunlaşıb.

33 yaşlı idmançımız bürünc medal uğrunda ermənistanlı Karapet Çalyanla görüşüb və 4:1 hesabı ilə qələbə qazanıb. Bu qələbə həmyerlimizi Olimpiya üçüncüsü edib.  

Bununla da millimizin aktivindəki medalların sayı 3-ə çatıb. Hüseynovdan öncə cüdoçu İrina Kindzerska (+78 kq) və boksçu Alfonso Dominqes (81 kq) bürünc mükafata yiyələnib. 

Qeyd edək ki, Tokio-2020-yə 44 idmançı ilə yollanan komandamızın heyətində artıq 31 atlet çıxışını başa vurub.