15:12 03-08-2021
news_image
482
TOKİO-2020

Pərviz Nəsibov: “Olimpiadadan sonra Azərbaycana getmək istəyirəm” - MÜSAHİBƏ

Tokio-2020 Yay Olimpiya Oyunlarında yunan-Roma güləşində Ukrayna yığmasını təmsil edən azərbaycanlı Pərviz Nəsibov 67 kq çəki dərəcəsində finala yüksəlib.

Apasport.az saytının məlumatına görə, 23 yaşlı idmançı sabah final görüşündə iranlı Gerai Məhəmmədreza ilə qarşılaşacaq.

Yarımfinalda misirli Elsayed İbrahimi məğlub edən Nəsibov görüşdən sonra müsahibə verib.

- Yarımfinal görüşündə misirli rəqibiniz öndə olsa da, özünüzdə güc toplayıb qələbə qazandınız. Təəssüratlarınız necədir?
- Güləş çox çətin idman növüdür. Gərək özünü “öldürəsən” ki, 1 xal qazana biləsən. Rəqibə xal vermişdim, Allah mənə güc verdi, əvəzini çıxdım. Sevinirəm ki, finala vəsiqə qazandım.

- Adətən Ukrayna idmançıları Azərbaycanın şərəfini qoruyur. Siz isə əksinə, Ukrayna bayrağı altında çıxış edirsiniz...
- Azərbaycanda doğulmuşam, Vətənimi çox sevirəm, öz millətim, öz dilimdir. Azərbaycanda nənəm, babam, bəlkə də, mənə baxırlar. Ukraynada güləşsəm də, ailəm Azərbaycandandır.

- Azərbaycanlı idman azarkeşləri adətən başqa ölkəni təmsil edən həmyerlilərimiz barədə sual verirlər ki, niyə ölkəmiz adına yarışmır? Gələcəkdə Azərbaycan yığmasında çıxış etmək istəyiniz varmı?
- Artıq 15 ildir ki, Ukraynada yaşayıram. Atamın Azərbaycanda işləri alınmadığı üçün bura gəlmişik. Azərbaycana qonaq kimi, yoxsa birdəfəlik qayıdaram, bunu Allah bilir. Hələlik Ukraynadayam. Olimpiadadan sonra Azərbaycana getmək istəyirəm. Nənəmi, babamı, əmimi, onun uşaqlarını çoxdandır görmürəm. Onları görmək istəyirəm.

- Sonuncu dəfə Azərbaycanda nə vaxt olmusunuz?
- 15 il əvvəl. Hər il getmək istəyirəm, heç cür alınmır. Gah yarış ortaya çıxır, gah toplanış. 7 yaşımda haradan biləydim ki, Ukrayna yığmasının heyətində Olimpiadaya gələcəm və finala yüksələcəm?

- İdmana Ukraynada başlamısınız?
- Uşaq vaxtı bir il Azərbaycanda məşğul olmuşam.

- Ukraynada sizin çəkinizdə rəqabət necədir?
- Rəqibim çoxdur. Bu il mənim üçün çox çətin oldu. Ukraynada 3-cü yeri tutmuşdum. Rəqibdən güclü idim, amma nədənsə uduzdum. Amma ikinci turnirdə Olimpiadaya lisenziya qazandım. Ukraynada rəqabət var, səhərdən axşama kimi məşq edirəm. Məşqdən başqa heç nə ilə məşğul olmuram. Məktəb oxumaq istəyirəm, o da alınmır. Uğur qazanmaq istəyirsənsə, çox məşq etməlisən.

- Yarımfinalda qalib gəlməklə həm də ermənistanlı güləşçinin qarşısını aldınız. Bu sizin üçün hansı məna kəsb edir?
- Bəli, doğrudur. Özüm Ağstafanın Muğanlı kəndindənəm. Qısaca onu deyə bilərəm ki, rayonuma, Azərbaycandan məni izləyən hər kəsə salam göndərirəm. Azərbaycan hər zaman mənim qəlbimdədir.