23:09 03-08-2021
news_image
1152
FUTBOL

"Sağ olsun, Kamran bizi peşman etmədi" - Samir Abasov

“Maraqlı oyun keçdi".

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov Avropa Liqasının III təsnifat mərhələsində HİK-lə keçirilən ilk oyun barədə danışarkən deyib.

Finlandiya klubu ilə “Bakcell Arena”dakı matç 2:2 hesabı ilə nəticələnib.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Abasov fikrini bu sözlərlə davam etdirib: "Bugünkü bərabərlik rəqibə cüzi üstünlük verə bilər. Səfər qolu üstünlüyü ləğv olunduğundan, artıq HİK bir topla öndə olmayacaq. Düşünürdük ki, böyükhesablı məğlubiyyət olmasa, xarakterimizi ortaya qoyub, ordan sərfəli nəticə ilə gəlməliyik. Qapıçımızın zədələnməsindən sonra meydanda ruh düşkünlüyünü aradan qaldırmaq istədik. Sağ olsun, Kamran bizi peşman etmədi, qapıda inamlı dayandı. Hər şey ikinci oyuna qalıb. Fərqli rəqibə qarşı çıxış edəcəyik".

- Emin Mahmudovun əvəzlənməsi yorulması ilə əlaqədar idi?
- Bəzi məqamları məşqə əsasən nəzərə alırıq. Futbolçuların fiziki durumu bu dəyişiklikləri etməyə əsas verir. Öz mövqeyinin oyunçuları hələ tam hazır deyildilər. Sistemin içində oyunçuları dəyişməli olduq. Kane çempionat matçlarında da müdafiənin sağ cinahında oynamışdı. Bu üzdən Eminə çox yük düşdü. Xəyal bəzi epizodlarda mövqeni bağlamaqda çətinlik çəkdi. Emin özü çox qaçan oyunçudur. Bugünkü duruma görə hamısı çox iş gördü.

- Aqil Məmmədovun durumu nə yerdədir?
- Onda birinci dəfə deyil ki, belə hal olur. Onunla yanaşı, Mirabdulla Abbasovun da səhhətində problem var idi. Bəzi oyunçular 3 gün məşq edə bilmirlər. Belə dəyişikliklər edəndə çoxları üçün müəmmalı qalır. Aqil "Olimpiakos"la matçdan əvvəl hərarət içində idi. Həm onun, həm də Eminin vəziyyəti o qədər də ürəkaçan deyil.

- Razı və narazı qaldığınız məqamlar nə oldu?
- Bütün oyundan razı qaldım. Narazı qaldığım heç nə yox idi.

- Hesabda geri düşdükdən sonra üçüncü zonada pressinq etdiniz və göstərdiniz ki, bunu bacarırsınız. Hesab bərabərləşdikdən sonra geri çəkilməyiniz sizin tapşırığınız idi?
- Sonlara yaxın komandada yorğunluq yarandı. Rəqibin 5 nömrəli müdafiəçiləri topla mükəmməl davranırdı. Uzun ötürmələrlə bizə çətin anlar yaşada bilirdi. Bəzən rəqib də səni geri çəkilməyə məcbur edir.

- Sosial şəbəkələrdə Xəyal Nəcəfovu çox qınayırlar. Buna münasibətiniz necədir?
- Qınaqlara baxıb heyət qurmağımız düz olmaz. Sosial şəbəkədəkiləri oturtsaq, hərəsi bir heyət deyəcək. Kimi meydana buraxmaq baş məşqçinin edə biləcəyi yükdür. Xəyalı tanıyıram, onu çox istəyirik. "Neftçi" üçün böyük işlər görəcək. Sosial şəbəkədə məni də qınayanlar çoxdur. Bu, normal haldır.

- Cavab oyunu süni örtüklü meydançada olacaq. Buna hazırsınız? 
- Süni örtükdə oynamaq bizə çətin olacaq. Süni örtükdə məşq edib, oynayan komandalar orada özlərini daha yaxşı hiss edirlər. Çox uzağa getməyək. "Səbail"lə oyunlarda həmişə çətinlik çəkmişik. Çünki ora öyrəşiblər, orada tam fərqli oynayırlar. Mən özüm də futbolçu olanda süni örtükdə məşq etdiyimiz zaman orada oynamaq rahat olurdu. İki gün əvvəl gedib ora öyrəşməyə çalışacağıq.

- Bəlkə elə "Səbail"ə müraciət edib, onun meydançasında məşq edəsiniz?
- Xeyr. Həmişə təbii örtükdə məşq edən komandanın süni örtükdə məşq etməsi zədələrə yol aça bilər. Kaxaber Sxadadzenin vaxtında da bunu yaşamışıq. Həmçinin bunun acı fəsadlarını çox görmüşük.

- Rəqibin baş məşqçisi dedi ki, "Neftçi" gözlədiyimiz kimi oynadı. Cavab görüşündə gözlənilməz nə etməli olacaqsınız?
- Rəqib 24 futbolçu ilə bura gəlir. Bu da onlara hər cür rotasiya etmək imkanı verir. Biz isə əlimizdəki heyətdə sistemi dəyişə, oyunçuların yerini dəyişə bilərik. Bu üzdən bizi təhlil etmək çox asandır. Müdafiədə bəzi boşluqlar verdik. Öz oyunumuzu göstərdikdən sonra kimin bizi təhlil etməsi önəmli olmayacaq. Öz oyunumuzu tutmuşuqmu? Xeyr. Oyunumuzu artırdıqca kimlərin bizi analiz etməsi önəmli olmayacaq.

- Namik Ələskərovun son durumu necədir?
- Namik Türkiyəyə gedib. Üzünə qoyulacaq maska orada yoxlanılacaq. Ardından bura gələrək məşqlərə qoşulacaq.

- Sezar Meza Kolli və Mamadu Mbodju məcburiyyətdən heyətdə meydana buraxırsınız?
- Onlar oynamağa layiq futbolçulardır.

- Heyət kasadlığından şikayətlənirsiniz. Bunun səbəbi nədir?
- Buna da aydınlıq gələcək. Transferlə bağlı işlər gedir. Gec olsa da, axtarışdayıq. 3-4 danışdığımız hücumçu olub. Adamlar bura gəlmək, masa arxasına oturmaq istəmirlər. Bu, bizim klubdan qaynaqlanmır. Ümumi durumla bağlıdır. Geniş siyahıda oyunçu göstərilir. Səhərə qədər baxırıq, birinin üzərində dururuq. Bir həftə, 15 gün yalvarırsan, proses davam edir, menecerlərlə danışırsan. Fikirləşirik ki, bir neçə günə buradadırlar. Hətta bəzi oyunçularla özüm şəxsən danışmışam. "Gəlirəm" deyirlər, axırda gəlib çıxmırlar. Bəzi məqamlar var. Əlimizdə olan imkanlara görə addımlamaq məcburiyyətindəyik. Transferlər yüz faiz olacaq. Oyunçu çatışmayan mövqelərimiz var.

- Qarşılaşmadan sonra Mbodj və Kane ilə 3-4 dəqiqə danışdınız. Nə dediniz?
- Uşaqlar məyus vəziyyətdə idilər. Kane deyirdi ki, azarkeşlər qarşısında udmalı idik. Mbodj da fransızcadan tərcümə edirdi. Biz də ona motivasiya verməyə çalışırdıq.  

- Harramizin oyunundan razı qaldınız?
- Bəli, razı qaldım. "Dişsiz" qalmaqla bağlı problemi də həll edəcəyik.