14:35 14-09-2021
news_image
259
FUTBOL

Bəxtiyar Musayev: “Futbolçu səhv etdiyi üçün döyülməlidir?” - MÜSAHİBƏ

“Neftçi” və “Qarabağ”ın sabiq futbolçusu Bəxtiyar Musayevin apasport.az saytına müsahibəsi

- Əzəli rəqiblər “Qarabağ”la “Neftçi” Premyer Liqanın III turunda üz-üzə gəldi və Ağdam klubu 2:1 hesablı qələbə qazandı. Oyun sizdə necə təəssürat yaratdı?
- Maraqlı və keyfiyyətli oyun oldu. Çempionatımızda son vaxtlar belə matçlara az rast gəlinir. Hər iki komanda sona qədər azarkeşləri həyəcan içində saxladı. Hücumda daha fəal olmağa çalışdılar, bir sıra maraqlı gedişlərin şahidi olduq. Bir mütəxəssis kimi, mənə də xoş təsir bağışladı.

- “Neftçi”nin start heyətində gənc futbolçular var idi. Sizcə, belə bir görüşdə bu addımı atmaq riskli deyildi?
- Həmin oyunçulardan Mert Çelik gənc olsa da, çoxdandır “Neftçi”nin əsas heyət üzvüdür. İsmayıl Zülfüqarlı bəzən səhvlərə yol verir. Ancaq futbolçu səhv etdiyi üçün döyülməlidir? İsmayıl perspektivli, ümidverici oyunçudur, onu çox bəyənirəm. Famil Camalova isə gənc demək olmaz, 23 yaşı var. Sadəcə, Premyer Liqa təcrübəsi yoxdur. Yəqin məşqlərdə özünü yaxşı göstərib, Samir Abasov da şans verib. Mənə yalnız Familin start heyətində yer alması təəccüblü gəldi.

- “Neftçi” fasilədən dərhal sonra fərqi minimuma endirdi. Həmin qol vurulmasaydı, matç darmadağına gedə bilərdimi? 
- Hissənin sonunda qol buraxmaq hər bir komandaya təzyiq yaradır. Sadəcə, “Neftçi” ikinci hissə başlayan kimi fərqi azaltdı, bu da onları ümidləndirdi. Həmçinin “Qarabağ” artıq diqqətli, risksiz oynamağa məcbur oldu. Bu üzdən həyəcan sona kimi davam etdi. Əgər 0:2 olarkən 3-cü qol da gəlsəydi, böyük hesab qeydə alına bilərdi. Ancaq “Neftçi”nin də geridönüş etməsi istisna deyildi. Bu, oyunçuların həmin an psixoloji durumundan asılı olur. “Qarabağ” 3-cü qolu vursaydı, böyük ehtimalla “Neftçi”də pərakəndəlik yaranacaqdı.

- “Qarabağ”ın hər iki qolunu yeni transferi İbrahima Vadji vurdu. Demək olarmı ki, Ağdam təmsilçisi uzun müddətdir axtardığı hücumçunu tapıb?
- Hücumçunun bitirici zərbələri yaxşı olmalıdır. Vadjinin bu özəlliyi xoşuma gəldi. Hətta bir epizodda qapı xəttinə yaxın olsa da, çərçivəni dəqiq nişan ala bildi. Vadji çərçivəni hiss edə bilir, qol vurmağa çalışır. Çox hərəkətli idi, daim ötürmə qəbul etmək üçün boşluq axtarırdı. Bəzən komanda yoldaşları ilə anlaşılmazlıq yaşadı. Bir sıra epizodlarda da düzgün mövqeyə “açılmadığını” gördüm. Bu, həyəcandan, çox istəkdən də ola bilər. Ümumi götürəndə komandasına xeyri çox dəydi. Top “Neftçi”də olanda da pressinq edirdi.

- Məlumdur ki, Premyer Liqada çempionluğa iki namizəd var. “Qarabağ” geniş heyət yığa bilibsə, “Neftçi” hələ də axtarışdadır. Bu amil ağdamlıları çempionluğa bir nömrəli favoritə çevirmir?
- “Qarabağ” çempionluq yarışında bir addım öndədir. Heyətin özəyini qoruyublar, həmçinin yeni oyunçular gətiriblər. “Neftçi” də son günlərdə bir neçə oyunçu ilə anlaşıb, deyilənə görə, gəlmək üzrə olan da var. Həmin futbolçuların komandaya hansı formada xeyir verməsindən asılı olacaq. Yeni gələnlərlə birlikdə “Neftçi”də də kifayət qədər futbolçu var. Mənə müəmmalı qalan “Neftçi”də sol cinah müdafiəçisinin olmamasıdır. Düzdür, çempionatımız elə yüksək səviyyədə də deyil. Hazırkı heyətlə də çempionatı yola vermək olar. Amma göründüyü kimi, avrokuboklarda bu, çox çətin oldu. “Neftçi” kimi komandanın hər mövqeyində normal rəqabət olmalı, futbolçular öz mövqelərində oynamalıdır.

Ruslan Sadıqov