11:01 16-09-2021
news_image
1282
FUTBOL

Əcnəbi futbolçunu I divizionda yetişdirmək üçün gətirib? – “Zirə”

Premyer Liqa klublarının əsas heyət futbolçularını əvəzedici heyətə göndərmək prinsipinə “Zirə” də əməl edib.

Apasport.az saytının məlumatına görə, Bakı klubu I divizionun açılış turunda “Səbail-2” ilə oyuna 3 futbolçusunu ikinci komandada sınayıb.

Onlardan Rəşad Əzizli və İlkin Muradovu hardasa başa düşmək olar. Çünki Əzizli əsas komandanın 3-cü qapıçısıdırsa, Muradov stabil çıxış etmir. İstənilən halda klub bu addımla gənc qapıçıların da inkişafının önünü kəsir.

Yay fasiləsində Ukrayna klubu “Lvov”dan icarəyə götürülən Velves Santosun əvəzedicilərdə meydana çıxması isə heç də başadüşülən deyil. 74 dəqiqə çıxış edən braziliyalı hücumçu 1 qolla komandasının qələbəsinə kömək ola bilər. Amma “Zirə-2”nin qələbəsi nə dərəcədə önəmlidir? Axı əvəzedici heyət aşağı yaş qruplarında yetişən gənclərin əsas komandaya hazırlığı üçündür.

Premyer Liqada limit ona görə qoyulub ki, həm yerli oyunçular kənarda qalmasın, həm də klublar samballı əcnəbilər gətirsin. Əcnəbi futbolçu gətirib yetişdirmək üçün deyil. Əksinə, onlar yerlidən iki dəfə üstün olmalıdır ki, bizim futbolçular da nəsə öyrənə bilsinlər. Velvesin də cəmi 20 yaşı var. “Neftçi” və “Keşlə” ilə matçda 45 dəqiqə meydanda olan “sambaçı” görünür hazır deyil ki, praktika üçün əvəzedicilərə göndərilir. Ancaq ölkəmizdə Velveslə yaşıd o qədər futbolçu var ki, onların da müntəzəm oynamalarına, inkişaf etmələrinə ehtiyac var. Hər halda gələcəkdə milli komandaya velveslər yox, diqqətdən kənarda qalan yerlilər namizəd olacaq.

Təəssüf ki, bu problem təkcə “Zirə”də deyil. Digər klublarımız da mövsümboyu analoji addıma tez-tez əl atırlar. Görmüşdük I divizionda özünü göstərən oyunçular əsas komandalara cəlb olunar. Ancaq deyəsən bizdə tərsinədir...