19:34 18-09-2021
news_image
141
FUTBOL

“Qəbələ”nin potensialı bu deyil” – Elmar Baxşıyev 5:0 hesablı qələbədən sonra

“Oyunun çətin keçəcəyini bilirdik. Komandanı da həftə ərzində ağır matça hazırlayırdıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının IV turunda “Səbail”lə keçirilən oyun barədə danışarkən deyib.

Paytaxt klubunu Qəbələdə qəbul edən “qırmızı-qaralar” 5:0 hesablı qələbə qazanaraq, liderliyə yüksəlib.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında 41 yaşlı mütəxəssis komandasından razılıq bildirib: “Son iki mövsümdə öz meydanımızda “Səbail”i yenə bilməmişdik. Bu, komandamıza əlavə motivasiya verirdi. Şükürlər olsun ki, futbolçular verilən tapşırığı layiqincə yerinə yetirdilər”.

Çalışdırıcı meydana sonradan daxil olaraq yaxşı təsir bağışlayan yeni transfer Omar Haninin hələ tam hazır olmadığını söyləyib: “Omar bu gün potensialının 50 faizini göstərdi. Məşqlərdə də hiss edirik ki, optimal formada deyil. İdeal formasını bərpa edəndən sonra daha yaxşı və rəngarəng Omar görə bilərik”.

Baxşıyev ilk hissə ilə müqayisədə fasilədən sonra hücumda daha yaxşı çıxış etmələrinə də münasibət bildirib: “Əslində, komanda birinci hissədə də meydanda rahat idi. Necə hücum etmək lazım olduğunu bilirdik. Sadəcə, fasilədən 1-2 korrektə elədik ki, hansı zonalara daha çox nəzər yetirmək lazımdır. İkinci hissədə oyunçular daha artığını edib, layiqli qələbə qazandılar. “Qəbələ”nin potensialı bu deyil, daha yaxşı ola bilərik. İnanıram ki, oyun planında getdikcə daha yaxşı olacağıq”.

Baş məşqçi hücumçu Ülvi İsgəndərovun bu mövsüm 3 matçda sonradan meydana çıxdıqdan sonra qol vurmasına da toxunub. O, Ülvini ehtiyatdan mübarizəyə qoşmağının xüsusi inancla əlaqəli olmadığını vurğulayıb: “Mən də daxil olmaqla, komandada heç kim “fart”a inanmır. Ülvi lazımi anda komandanı gücləndirə biləcək oyunçudur. Sevindirici haldır ki, fayda verir”.

O, qarşılaşmanın 50-ci dəqiqəsində zədələnərək əvəzlənən Yaovi Akakponun durumunun hələ bəlli olmadığını deyib: “Müayinədən sonra bəlli olacaq. Amma ciddi zədəyə oxşayır”.