19:50 18-09-2021
news_image
133
FUTBOL

“Bizim üçün belə məğlubiyyətlər gözləniləndir” – Aftandil Hacıyev

“Danışılası çox şey yoxdur. "Qəbələ" meydanda bütün komponentlərdə bizi üstələdi. Hesab da oyunu əks etdirir. Hər tur olduqca ağır keçir. Futbolçuları oyunlara hazırlamaq olduqca çətindir”.

Apasport.az saytının məlumatına görə, bunu “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının IV turunda “Qəbələ” ilə keçirilən oyundan sonra deyib.

Qəbələdə rəqibinin qonağı olan Bakı təmsilçisi meydanı 0:5 hesablı məğlubiyyətlə tərk edib.

Hacıyev oyunsonrası mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Çempionatda belə məğlubiyyətlər olacaq. Bizim üçün belə məğlubiyyətlər gözləniləndir. Stabil oynamağımıza bir çox amil çatışmır. Rəqiblərdən geri qalsaq da, bəhanə gətirmək istəmirəm. “Qəbələ” bizi tam üstələdi və layiqli qələbə qazandı. Biz isə növbəti görüşü düşünməliyik. Oyunçularımızın çoxu Premyer Liqada oynadığını dərk etməlidir. Bu, hər oyunçu üçün ciddi sınaqdır. Ancaq bu sınaqdan üzüağ çıxmaq lazımdır, bu gün bunu bacarmadılar".

Hacıyev məğlubiyyətin səbəbləri barədə də danışıb: “Bir az bəhanə kimi çıxmasın, səbəbləri oyun gedə-gedə və matçdan əvvəl hiss edirdik. Həftəiçi normal məşq edə bilməmişdik. Rahid Əmirquliyev və Camal Araqonun xidmətindən yararlana bilmədik. Süni otda oynayandan sonra futbolçular çoxlu güc sərf edirlər. Rəqiblərimiz də oynayır. Amma bizdə futbolçuları bərpa etmək üçün işi bu yöndə kifayət qədər inkişaf etdirməyə ehtiyac var. Bunlar bəhanə deyil. Bu gün gümrah və əvvəlki turlardakı kimi istəkli “Səbail”i mən də görə bilmədim. Çalışacağıq ki, əsas oyunçularımızı tez bərpa edək".