21:55 18-09-2021
news_image
175
FUTBOL

“Əsas problemimiz keyfiyyətli hücumçularımızın olmamasıdır” - Ramin Quliyev

“Oyuna 3 xal üçün köklənmişdik, qalib gəlmək istəyirdik”.

Apasport.az saytının məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının IV turunda “Zirə” ilə keçirilən oyundan sonra deyib.

Səfər matçında son dəqiqələrdə vurduğu qolla məğlubiyyətdən qurtulan “Sabah” cari mövsümdə ilk xalını qazanıb (1:1).

Oyunsonrası mətbuat konfransında 40 yaşlı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: “Matçın axarı normal idi, sadəcə müdafiədə buraxdığımız bir səhv ümumi vəziyyəti dəyişdi. Buna baxmayaraq, uşaqların bugünkü əzmkarlığı hesabda geridə olan komandanın oyunu çevirməsinə gətirib çıxardı. Deyərdim ki, hətta qalib də gələ bilərdik. İlk 3 turda qol vurmamışdıq. Bu gün meydanda tam fərqli “Sabah” gördüm. Həddən artıq qalib gəlmək istəyi var idi. Bu da sevindirici haldır. 3 xal üçün oynasaq da, “Zirə” kimi rəqibdən 1 xal almaq da normal nəticədir”.

- İstəkli “Sabah”ı əsasən ikinci hissədə gördük. İlk yarıda bunu sərgiləyə bilməməyiniz nə ilə bağlı idi?
- Sizinlə tamamilə razıyam. “Qəbələ” ilə görüşdə də qol buraxdıqdan sonra hücumlara keçmişdik. Hesab 0:0 olanda hamı sığortalı oyun göstərmək istəyir, nədənsə bir balaca çəkinir. Qol buraxdıqdan sonra hücumların kəsərini artırırsan. Biz də hücumların kəsərini artırdıq. Ancaq bu da risklidir. “Qəbələ” ilə matçda ikinci qolu belə buraxdıq. Bu gün də eyni hal təkrarlana bilərdi. Sadəcə, hücumda daha aktiv görünürdük, nəticədə qol gəldi.

- Bu gün ilk qolu vurdunuz və ilk xalı qazandınız. Bu amil “Neftçi” ilə qarşıdakı oyun üçün nə dərəcədə stimul ola bilər?
- Bəli, əvvəlki oyunlarda qol da vura bilməmişdik. Xulio Sezar Rodriges və yeni transferimiz Petar Skuletiçin hələ komandaya tam qayıtmamasının da bunda rolu var. Bu gün əsas problemimiz keyfiyyətli hücumçularımızın olmamasıdır. Rodriges də, Skuletiç də artıq kollektivlə məşqlərə qoşulub. Növbəti turda onların hər ikisini görəcəyik. Hücumda dişsizliyimiz görünürdü.

- Matçdan əvvəl söz-söhbət gəzirdi ki, uduzsaydınız, istefa verəcəkdiniz. Qazanılan ilk xal bu söz-söhbətə son qoyacaq, yoxsa həmin qorxu davam edir?
- Bu söhbət çox təkrarlanır. Bura məni gətirən rəhbərlik var. Bir həftə boyu da, bu gün də onların dəstəyini artıqlaması ilə görürəm. Məğlubiyyətlərə baxmayaraq, rəhbərliyin dəstəyi komandaya inam verir. İnanıram ki, komanda bu vəziyyətdən çıxacaq. 4 oyuna 1 xal qazanmaq nələrsə etdiyimiz demək deyil. Amma rəhbərliyin mənə, mənim də komandaya inamı çoxdur.