20:34 19-09-2021
news_image
259
FUTBOL

"İstefam gündəmdədir" - Sənan Qurbanov

“Hər dəfə məğlubiyyətdən sonra nəsə danışmaq çətindir".

Apasport.az saytının məlumatına görə, bunu “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının IV turunda “Neftçi” ilə keçirilən oyundan sonra deyib.

“Bakcell Arena”da son çempionun qonağı olan qəsəbə təmsilçisi 0:3 hesablı məğlubiyyətə üzülüb.

Oyunsonrası mətbuat konfransında Qurbanov komandasının çıxışını dəyərləndirib: “Belə start gözləmirdik ki, 4 oyundan sonra xalsız qalaq. Bəlkə məşqlər bizi aldatdı, bəlkə transferlərdə tələsdik. Avrokuboklar bizi tələsdirdi. Omar Qudiabi və Aldair Neto nəinki gözləntilərimizi qarşılamır, hətta öz qapımıza qol vururlar. O pula daha yaxşısını almaq olardı. Bəzi oyunçularla 2-3 minin söhbəti oldu. Bunlara isə bəlkə də 5000 də çoxdur. Gətirdiyimiz futbolçunu videoda da izləmişəm. Amma məşqdə elementar işi görə bilmir. Bir az səbr edib başqa oyunçular gətirsəydim, bəlkə daha yaxşı olardı. Getmək asandır. İnsan nəyəsə inanır, çalışırsan ki, bəlkə düzələr. "Neftçi" də olsa, uduzmaq təsir edir. Əlimizdə düşən şanslardan istifadə edə bilmirik. Bu təzyiq üzərimizdə var. Qarşıdakı günlərdə nə olacaqsa olacaq".

Qurbanov istefanın gündəmdə olduğunu gizlətməyib: "Kuboku qazanandan sonra heç kim istefa barədə yazmırdı. Baş məşqçisiz necə kuboku qazanmaq olar? Hər məşqçi başa düşür ki, məğlubiyyət artdıqca çemodan dolur. Futbolda təsadüf olmur. Kuboku da təsadüfən qazanmamışıq. Rəhbərlik desə, hər zaman getməyə hazıram. İnsan düzəltməyə daha çox çalışmalıdır. İstefam gündəmdədir, burada təzminat söhbəti eləmirəm. Sabah rəhbərlik deyə bilər ki, sağ ol, işimiz bura qədərdir. İşimdən tutub yapışmamışam. Heç nədə qorxum yoxdur. İstefa lazım olsa, edəcəyəm. Bəlkə də, getməyim çıxış yoludur və ya əksinə. Yalvarıb burada qalmaq fikrim də yoxdur. Rəhbərlik nə əziyyət çəkdiyimi görür. Bəlkə də, rəhbərliyin yazığı gəlir ki, səhərdən axşama qədər əziyyət çəkir. Məğlubiyyətin birbaşa günahkarı mənəm. Legioner məşqçilərdən deyilik ki, təzminat tələb edək. Çıxış yolunu hamımız axtarırıq".

Qurbanov komanda daxilindəki psixoloji gərginlikdən də bəhs edib: "Sumqayıt"a qarşı qapıya 28 zərbə vurduq, 0:2 uduzduq. Bütün bunlar psixoloji gərginlik yaranır. Futbolçu təzyiq altına girir ki, indi vura bilməyəcəm. Səhvlər ortadadır, bunu analiz etməliyik. Məğlubiyyət olduqca gərginlik də artır. Mən deyə bilmərəm ki, çıxın bildiyiniz kimi oynayın. Bəzən bu gərginliyi cəzalarla, bəzən pozitiv addımla aradan qaldırmaqdır. Komandamızın niyə bu vəziyyətdə olduğunu araşdırıram. Bəlkə hansısa kitabda yazılıb. Hətta o boyda "Arsenal"da da psixoloji gərginlik var və Arteta kimi məşqçi deyir ki, bunu meydanda aradan qaldırmalıyıq. Bizim də başqa yolumuz yoxdur. Hər məşqə futbolçulardan da tez gəlirəm. Bəzən filmlərdən danışırıq, "Qladiator"u misal çəkirik. Həyat bir mübarizədir. Özüm-özümü də çox yükləmişəm. Nə olur-olsun, növbəti həftə barədə pozitiv düşünməliyik, daha intensiv işləməliyik. Çıxış yolunu işləməkdə görürəm".

Çalışdırıcı futbolçuların məşqlə oyunda fərqli performans sərgilədiyini vurğulayıb: "Artıq mən də bezmişəm ki, bu qədər əks-hücumdan tutulmaq olar? Top itkisi olacaq. Mən bunu məşqlərdə də analiz edirəm. Amma müdafiəçi onun arxasına gələn topu buraxır. Əli Qurbani gəlib Boyoviçi keçir. Mən də düşünürəm ki, bəlkə məşqdə mən də qaçsam onu keçərəm. Futbolçular məşqdə qaçır, oyunda dayanırlar. Sadə səhvlərdir. Videoda göstərirəm ki, rəqib hücumçu sənin yanında Useyn Bolt oldu. Özləri də baxıb olanlara inanmırlar. Bazaya gedəndə utanıram. Onlar da bizdən nəticə gözləyirlər. Evə gedirsən, orda da eyni problem. Bəlkə deməliyəm ki, arxada oturun, topu elə vurun irəli. Amma belə deyil. İstədiyim futboldan əl çəkən deyiləm. Yalnız "Sumqayıt"la oyundan razı qalmışdım. Orada cəmi 3 səhv etmişdik. Test olaraq futbolçular optimal formadadırlar. Sadəcə, taktiki səhvlərimiz var".