12:41 28-10-2021
news_image

Elmar Babanlı: “Ən azı 4-5 medal gözləyirik”

“Böyük Dəbilqə” turnirinə qeydiyyat bu gün gecə 00:00-da bitəcək. Hələlik 31 ölkədən 203 idmançının iştirakı planlaşdırılır. Ancaq bu say arta da bilər”.

Bunu apasport.az saytına açıqlamasında Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı Bakıda keçiriləcək “Böyak Dəbilqə” turnirinə hazırlıqla bağlı danışarkən deyib.

Federasiya rəsmisi beynəlxalq yarışda 20 kişi 8 qadın cüdoçu ilə təmsil olunacaq millimizin idmançı sayında artım olmasını da istisna etməyib. Babanlı yığmadan gözləntilərini də açıqlayıb: “Hazırlıq ən yüksək səviyyədə davam etdirilir. Komanda oktyabrın 18-dən etibarən Bakıda təlim-məşq toplanışındadır. Yığmamız kifayət qədər güclüdür. Heyətdə həm təcrübəli, həm də gənc perspektivli cüdoçular var. Özlərini indiyə qədər beynəlxalq yarışlarda doğruldanlara şans verilib ki, “Böyük Dəbilqə”də də iştirak etsinlər. Ən azı 4-5 medal gözləyirik”.

Qeyd edək ki, “Böyük Dəbilqə” turniri noyabrın 5-7-si aralığında keçiriləcək.