17:53 19-11-2021
news_image
3977
FUTBOL

Azər Həşimov: “Paltardəyişmə otağına daxil olduqda elə bil tövləyə girirsən” - MÜSAHİBƏ

Region Liqasında çıxış edən Mingəçevirin “Energetik” komandasının məşqçisi Azər Həşimovun apasport.az saytına müsahibəsi

- Futbol yenidən Mingəçevirə qayıtdı, “Energetik” Region Liqasında iştirak üçün yığıldı. “Energetik”i yenidən yaratmaq zərurəti nədən yarandı?
- Bəli, çoxdan idi Mingəçevirdə futbol yox idi. “CBC Sport” kanalı Mingəçevirə çəkiliş üçün gələndə yığılıb məşqlər etdik. Elə kanal vasitəsilə AFFA-ya müraciət elədik ki, Region Liqasında iştirakımıza icazə verilsin. Mingəçevir dördüncü böyük şəhərdir, idman şəhəridir. Xəbər çıxanda ki, komanda yenidən bir araya gəlir, insanlar bayram edirdi. Sənədləri toplayıb assosiasiyaya təqdim etdik, onlar da bizə forma verdilər və çempionata buraxdılar.

- Komandanı yaradanda yəqin ki, yaranacaq çətinlikləri nəzərə almışdınız. Hazırkı durumunuz necədir?
- Üç tur geridə qalıb, keçirdiyimiz iki oyunda 6 xal toplamaqla turnir cədvəlinə başçılıq edirik. Çempionatın startı ərəfəsində cəmi bir neçə gün məşq keçdik. Cəmi 3 topumuz var idi. Bilirsiniz ki, “Qəbələ” akademiyasında işləmişəm. “Qəbələ” klubuna minnətdarlığımı bildirirəm. Nail Kərimova (“Qəbələ” Futbol Akademiyasının direktor müavini) zəng vurub xahiş elədim, bizə 12 ədəd top verdilər. “Qarabağ”ın administratoru Elşən Həsənovdan da xahiş elədik, formaların üzərinin yazılmasına da o kömək elədi. Hərədən bir az dəstək almaqla işə başladıq.

- Komandanın səfər oyunlarına gedişini, futbolçuların maaşını necə təmin edirsiniz?
- Mingəçevir İcra Hakimiyyəti səfər oyunlarına köməklik göstərir, avtobus təşkil edir. Elə futbolçularımız var ki, günorta çayxanada ofisiant, gecə mühafizəçi işləyir, səhər də məşqə gəlirlər. Çünki onlara nə maaş verə bilirik, nə normal qida. Bizə deyirlər ki, siz həvəskarlar liqasındasınız. Elə hər şey aşağıdan başlamalıdır də. Region Liqasında oynayan ailəsinə çörək aparmalı deyil? Bildiyiniz kimi, Mingəçevir hər yerə enerji verən şəhərdir, klubun da adı “Energetik”dir. II Vətən Müharibəsində iştirak edən üç oyunçumuz var – Namiq İbrahimli, Tural Məmmədzadə və Elvin Əlizadə. Namiqlə Elvin “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayevdən xahiş elədi ki, bizə dəstək olsunlar. Bizim də onlardan xahişimiz odur ki, oyunçularımızın heç olmasa 400-500 manat maaş almalarına kömək eləsinlər. Bu pul onlar üçün heç nədir. Elə bilirlər ki, yüksək liqada oynayırıq, 2-3 milyon manat istəyirik. Halbuki bizə o qədər pul lazım deyil, futbolçulara müəyyən məbləğdə məvacib ayrılsın ki, onlardan futbol tələb edə bilək. “Göyəzən”lə səfər matçında bizi dəstəkləmək üçün azarkeşlər öz ciblərindən pul verib iki “Sprinter”lə Qazaxa getmişdilər. Region Liqasında olmağımıza baxmayaraq, oyunlarımıza elə maraq var ki, sanki yüksək liqada çıxış edirik.

- Hər gün məşq keçə bilirsiniz?
- Xeyr, həftədə üç dəfə məşq olur. Çünki futbolçuların hərəsi bir yerdə işləyir. Bütün komanda şəklində də heç vaxt birlikdə ola bilmirik. Məsələn, son məşqimizə 12 nəfər gəlmişdi. Çörək pulunu işlədikləri yerdən qazandıqları üçün nəsə tələb edə bilmirik. Çox acınacaqlı durumdur ki, futbolçu havayı oynayır. Düzdür, futbolu sevirlər, amma belə çox getməz.

- Region Liqasında çıxış edən komandaların əksəriyyətində problem eynidir və onlar bu gedişlə mövsümün sonunu görə bilməyəcəklərini deyirlər. “Energetik” üçün də bu təhlükə var?
- Bizim komandanın dağılmaq ehtimalı yoxdur. “Energetik”in prezidenti Ruslan Həmidov əvvəllər də iş adamlarından kömək alaraq 4 il komandanı saxlamışdı. O insan anasına toyuq, kotlet bişirtdirib, gətirib futbolçulara yedizdirir. Ruslan Həmidov müharibə vaxtı da əsgərlərimizə kömək etmək üçün əlindən gələni edirdi. Oyunçular da onun bu fədakarlıqları qarşısında komandanı atıb getmək istəmirlər.

- “Karvan”ın ev oyunu zamanı komandaya dəstək olmaq üçün stadionda azarkeşlərdən 1 manatdan pul yığılır. Mingəçevirdə komandaya dəstək üçün azarkeşlərə çağırış olurmu?
- Həmin matçda mən özüm də var idim, bunun şahidi olmuşam. Növbəti turdakı rəqibimiz olan “Göyəzən”in oyununu izləmək üçün getmişdim. Biz belə bir çağırış etmirik. Şəhər İcra Hakimiyyəti hələ ki, yol xərcini, təcili tibbi yardım maşınını təmin edir. Amma maaşsız çətin olar. Ondan-bundan 5-10 manat yığmaqla nəsə etmək mümkün deyil. Adam da bilmir kimdən imdad diləsin.

- AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu günlərdə Mingəçevirdə səfərdə oldu, sizinlə görüşdü. Həmin görüş zamanı bu problemləri ona dediniz?
- Bəli, ətraflı danışdıq. Nəhayət ki, AFFA-dan da şəhərimizə gəlib, futbolumuzla maraqlanan oldu. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov da orda idi. Elxan müəllim bildirdi ki, stadionun təmirinə köməklik göstərəcəklər. Mingəçevir dördüncü böyük şəhərdir. Bakıda, Sumqayıtda, Gəncədə böyük futbol var. Dedik ki, şəhərimizin komandasının da peşəkar statuslu çempionatda çıxış etməsini arzulayırıq. Azarkeşlərin də dəhşətli dərəcədə marağı var.

- Peşəkar komanda olmaq üçün ya Premyer Liqa, ya da birinci divizionda iştirak etməlisiniz. Elxan Məmmədovla bu barədə söhbətiniz olmadı?
- Əlbəttə ki, oldu. O da söz verdi ki, sənədlərinizi yığın, şərait yaradacağıq, gələn mövsüm birinci divizionda iştirak edəcəksiniz.

- Region Liqasındakı bütün komandalar maddi imkansızlıqdan, şəraitsizlikdən şikayətlənirlər. Bu qədər problemlərin içində futbolçu yetişdirmək nə dərəcədə mümkündür?
- Adı Region Liqası olanda biganə yanaşarlar? Almaniyada, Polşada 5-6-cı liqa da var. Şəraitsizlikdən danışdınız, bir misal çəkəcəm. “Göyəzən”lə səfər oyununa necə həvəslə getmişdik, paltardəyişmə otağına daxil olduqda adamın ürəyi ağrıyır. Elə bil tövləyə girirsən. Vəziyyət o qədər acınacaqlıdır ki, adam stadionda əlini yumaq istəmir.

- Cavid Hüseynov, Kənan Kərimov kimi tanınmış mütəxəssislər deyir ki, Region Liqası ilə Premyer Liqa arasında o qədər də böyük səviyyə fərqi yoxdur. Bu fikirlə siz də razısınız?
- Hər kəsin fikrinə hörmətlə yanaşıram. Amma Premyer Liqa yox, birinci divizion səviyyəsinə uyğundur. Futbolçular məşqlərini rejimlə etsələr, divizionda rəqiblərlə başabaş mübarizə apara bilərlər.

Ruslan Sadıqov