11:09 23-11-2021
news_image
4248
FUTBOL

Qurban Qurbanov üçün “Brondbü” variantı - YALNIZ BİZDƏ

Premyer Liqanın lideri “Qarabağ” qapı xəttini gücləndirmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, Emil Balayevin ümidləri doğrultmaması baş məşqçi Qurban Qurbanovu yeni qolkiper axtarışına vadar edib.

Təcrübəli mütəxəssis Şahruddin Məhəmmədəliyevlə rəqabət aparacaq qapıçının əcnəbi olmasını istəyir. Bu mövqeyə artıq ilk namizəd də bəllidir. Əldə etdiyimiz məlumata görə, ağdamlılar “Brondbü”nün gənc qapıçısı Mads Hermansenə elçi düşüb.

Danimarkalının cəmi 21 yaşı olmasına baxmayaraq, akademiyasından yetişdiyi komandanın əsas qolkiperinə çevrilməsi və müqavilə müddətinin 2024-cü ilin yayına qədər olması “Qarabağ” rəhbərliyinin işini çətinləşdirir. Ancaq klub avrokuboklarda müntəzəm çıxış etməsi və bu mövsüm Konfrans Liqasında qrup səddini aşmasının verdiyi üstünlükdən yararlanmaq niyyətindədir.

“Qarabağ” qış fasiləsində qapı xəttinə yeni sima cəlb edə bilsə, Emil Balayevin gedişinə də razılıq verəcək. Milli komandamızın qolkiperinin yetirməsi olduğu “Neftçi”yə qayıtması gözlənilir.

Qeyd edək ki, Mads Hermansen Danimarkanın aşağı yaş qrupu üzrə bütün yığmalarında çıxış edib.