13:39 23-11-2021
news_image
1841
FUTBOL

Mahir Şükürov: "Samir səhv etdi, rəhbərliyə yaxın futbolçular oynamır, onun getməsini istəyir"

“Samir Abasov yerli futbolçuları pisləməklə səhv etdi”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin və “Neftçi”nin keçmiş müdafiəçisi Mahir Şükürov deyib.

Veteran futbolçu sabiq komandasının Premyer Liqanın son turlarını məğlubiyyətlə bitirməsinin təsadüfi olmadığını bildirib: “Mən “Sabah”la oyuna baxdım və gördüyümü gördüm. Açığı, bəzi futbolçular öz oyununu oynamadı, demək olar meydanda yox idilər. Bu oyunçular rəhbərliyə yaxın olanlardır. Mən bu futbolun içində böyümüşəm, kimin kim olduğunu, nəyi bacarıb-bacarmadığını bilirəm. Onların meydana həvəssiz çıxması təsadüfi deyil, çünki baş məşqçidən narazıdırlar. Samir legionerləri yerli uşaqlardan üstün tutmaqla səhvə yol verdi”.

Şükürovun sözlərinə görə, Abasov mətbuat konfransında elə fikirlər işlətməməli idi: “Komandanın “Qarabağ”a uduzmasının səbəbini azərbaycanlı futbolçuların səviyyəsinin aşağı olmasında görmək düz deyil. Bu uşaqlar ötən mövsüm çempionluq qazanıb, sən onlara necə zəif deyə bilərsən? Samir səhvini düzəltməli idi. Bu fikirdəyəm ki, indi onun yeganə çıxış yolu istefa verib getməkdir” (sportinfo TV).