12:24 25-11-2021
news_image
584
FUTBOL

Futbolumuzdakı bombalar və ya günahsızlar yenə “torba”da

Çempionatımızda adətən müzakirə olunan məsələlər hakimlik, azarkeş marağı və keyfiyyətdir.

Apasport.az saytı xəbər verir ki, ötən illərlə müqayisədə bu mövsüm taktika dəyişib. 

Artıq ön plana əsasən baş məşqçilər çıxır və ya hədəf müəyyənləşdirmək üçün qəsdən çıxarılır. Gah pul verməyib nəticə tələb olunan Aftandil Hacıyevi “Səbail”ə, gah klub daxilindəki müdaxilələr fonunda kuboku qazanan Sənan Qurbanovu “Keşlə”yə çox gördülər. Məhdud imkanlarla “Sumqayıt”ı avrokuboklara daşıyan Ayxan Abbasovun da tükəndiyini deyənlər az olmadı.

Nədənsə heç kim günahı bu klubların rəhbərliyində görmür. Biri deyir, “çıx, pulsuz oyna”, biri heyətin qurulmasına da “barmaq edir”, biri “əcnəbi almıram” deyib, səviyyəcə yerlidən fərqlənməyən əcnəbiləri milliləşdirir. Di gəl ki, təməl problemin əsas səbəbkarları necə “oyun oynayırsa”, bomba elə baş məşqçinin başında partlayır.

“Sabah” və “Neftçi”də isə məşqçi dəyişiklikləri artıq neçə ildir ənənə halını alıb, iki oyun uduzan kimi, xüsusi tapşırıqla baş məşqçiyə qarşı kampaniya başladılır. “Sabah”da problemin nə olduğunu heç rəhbərlik özü də bilmir. Yeni gətirilən Murad Musayevin, nəhayət, axtarılan qan olduğunu ilk baxışdan demək olar. Ancaq unutmayaq ki, rusiyalının da “qələmini qırmaq” klub üçün iki vur ikidir.

“Neftçi”nin dərdi isə deyiləsi deyil. 7 mövsümlük çempionluq həsrətinə son qoyan Samir Abasovu bu günlərdə çoxu məşqçi saymır. Maraqlıdır ki, həmin kəslər mayda klub prezidentini və dəstəsini göyün yeddinci qatına qaldırır, onları çempion elan edirdi. Tərlan Əhmədov, Roberto Bordin və Füzuli Məmmədov da bu rəhbərliklə işləyib. Hər işi rəhbərlik görürsə, elə bu məşqçilərlə də çempion olardılar də.

Əhmədova, Bordinə, Məmmədova gün üzü verməyən rəhbərlik indi də Abasovu yola salmaq üçün hər yola əl atır. “Ailəyik” deyirlər, amma daxildə çaxnaşma yaradırlar, futbolçunu məşqçiyə düşmən edirlər. Klubda kiməsə yaxınlıq edən futbolçunun baş məşqçiyə “torba tikmək” üçün qəsdən zəif oynaması nə deməkdir? Bu, təkcə “Neftçi”yə aid deyil. Tarix boyu Azərbaycan futbolunda “torba əməliyyatı” istər milli, istərsə də klub səviyyəsində dəbi keçməyən ənənə olub. Bunun adı isə xəyanətdir, cinayətdir, yediyin qaba tüpürməkdir.

İndi Aftandil Hacıyevə “pul istəmə”, Ayxan Abbasova “futbolçu istəmə”, Sənan Qurbanova “hər istədiyini eləmə”, Samir Abasova isə “səsini kəs, ancaq bizi təriflə” deyirlər. Klub rəhbərləri bunları hansısa əcnəbi məşqçiyə edərdimi? Əlbəttə ki, xeyr. Axı bizdə yanımızdakının bir addım irəli getməsinin, adının daha yüksək səslə çəkilməsinin qısqanclığı var.

Nə təsadüfdür ki, “Neftçi”nin də, “Keşlə”nin də, “Sumqayıt”ın da, “Səbail”in də rəhbəri prezident yox, birbaşa AFFA-dır. Çünki həmin şəxsləri ora təyin edən elə assosiasiya özüdür. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun tökdüklərini, onun “daydayılıq” elədiyi prezidentlər yığırlar. Millinin fiaskolarında neçə nəfər AFFA-nı günahkar bildi ki, klublarındakı özbaşınalıqları da qabartsınlar?

Sabah Samir də, Ayxan da, Aftandil də, Sənan də gedər, yerlərinə başqa biri gələr. Ancaq o klubların rəhbərləri və ümumi Azərbaycan futbolunun idarəçiləri bacarmadıqları bu sahədən əllərini çəkmədikləri müddətdə dəyişən yalnız baş məşqçi adları olacaq.

İbrahim Rəsul