09:35 13-01-2022
news_image
2796
FUTBOL

“Marsel”in futbolçusu “Qarabağ”ı ac adlandırdı

“İstər Çempionlar Liqası, istər Avropa Liqası, istər Konfrans Liqası, istərsə də Fransa kubokuna qatıldığınız andan onu qazanmaq üçün oynayırsınız”.

Apasport.az-ın məlumatına görə, bunu Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Marsel”in futbolçusu Amine Harit klubun rəsmi saytına müsahibəsində deyib.

Mərakeş millisinin yarımmüdafiəçisi hədəfləri arasında Konfrans Liqasını qazanmaq olduğunu bildirib: “Böyük və ya kiçik yarış yoxdur. Bəli, Çempionlar Liqası ən prestijlisidir. Amma yenə də biz Konfrans Liqasını qazanmaq istəyirik”.

Müqavilə ilə “Şalke”yə məxsus olan və “Marsel”də icarə əsasında çıxış edən 25 yaşlı Harit “Qarabağ”ı tanıdığını da vurğulayıb. O, ilk görüşün xüsusi önəm kəsb etdiyini düşünür: “Qarabağ”ın oyununu bir neçə dəfə görmüşəm, xüsusən də, Çempionlar Liqasında. Orada çıxış etmək heç vaxt asan deyil. Bu komanda ac olacaq və bütün rəqiblərimiz kimi yüz faiz gücünü ortaya qoyacaq. İlk matçı evdə keçirəcəyik. Cavab görüşünü asanlaşdırmaq üçün evdə güclü olmaq lazım gələcək”.

Qeyd edək ki, “Qarabağ”la “Marsel” arasında ilk oyun fevralın 17-də Marseldə, cavab görüşü isə 24-də Bakıda keçiriləcək.