12:52 21-02-2022
news_image
314
STOLÜSTÜ OYUNLAR

Mahir Məmmədov: “Dünya çempionatında ən güclü heyətlə təmsil olunmağı planlaşdırırıq”

“Azərbaycan çempionatın qalibi Məhəmməd Muradlı çox yaxşı mübarizə göstərdi. İlk mərhələdə sıralamada 4-cü olmaqla son anda finala qoşulan Məhəmmədin əsəblərinin möhkəm olması çempionluqda ona kömək oldu”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Naxçıvanda təşkil edilən kişi şahmatçılar arasında Azərbaycan çempionatı barədə danışarkən deyib.

Federasiyanın mətbuat xidmətinə fikirlərini bildirən qurum rəhbəri yarışın qalibi Məhəmməd Muradlının yüksək oyun nümayiş etdirdiyini söyləyib: “Final mərhələsində bütün oyunlarının gedişatına nəzarət etməyi bacardı və yekunda layiqli olaraq qızıl medal qazandı. Məhəmməd Muradlının istedadlı şahmatçı olması bizə məlumdur. O, hələ 2019-cu ildə ilk dəfə Azərbaycan çempionatında qalib gələndə diqqəti özünə cəlb etdi. Buna görə Məhəmmədin ikinci dəfə çempion olması bizim üçün sürpriz hadisə olmadı”.

Mahir Məmmədov turnirin yarımfinalında Aydın Süleymanlının məğlubiyyətinə səbəb kimi onun təcrübəsizliyini göstərib: “Fikrimcə, Aydın Süleymanlı yarımfinalda daha çox uğur qazana bilərdi. Hər iki partiyada müəyyən üstünlüyə nail olsa da, sonda istədiyi nəticəni qazana bilmədi. Vaxtı düzgün paylaşdıra bilməməsi və müəyyən qədər təcrübəsinin az olması sonda ona çətinlik yaratdı. Bu amillər Aydına finala çıxmağa imkan vermədi. Həmçinin gümüş medalçı Misrətdin İskəndərovun gözəl oyununu qeyd etməliyəm. Xüsusilə ilk mərhələdə yüksək hazırlıq nümayiş etdirməsi bizi sevindirdi. Ötən ilin çempionu Vasif Durarbəyli yaxşı mübarizə göstərdi və sonda bürünc medala layiq görüldü”.

Onun sözlərinə görə, milli komandanın üzvü Eltac Səfərlinin final mərhələsindən kənarda qalması gözlənilməz olub: “Bu bir daha göstərdi ki, reytinq şahmatda nəticəni müəyyənləşdirmir. Çempion olmaq üçün yarış günü rəqibə qarşı ən yaxşı oyununu göstərməlisən və qalib gəlməyi bacarmalısan. Əfsuslar olsun bu dəfə Eltac Səfərlidə alınmadı. Bununla belə, onun yüksək səviyyəli şahmatçı olması hamıya məlumdur. Eltacın gələcəkdə böyük qələbələr qazanacağına inanırıq”.

AŞF prezidenti yarışın favoriti hesab edilən beynəlxalq qrossmeyster Nicat Abasovun çempionatda iştirak etməməsinin səbəbini də açıqlayıb: “Təəssüf ki, çempionatda iştirak etmək istəyən Nicat Abasov koronavirusa yoluxması səbəbindən mübarizədən kənarda qaldı. Nicat çempionatda iştirak etsəydi yarış daha maraqlı olacaqdı”.

Federasiya rəhbəri sonda millimizin komandalar arasında dünya çempionatında güclü heyətlə çıxış edəcəyini əlavə edib: “Apreldə İsraildə kişi şahmatçılardan ibarət komandalar arasında dünya çempionatı keçiriləcək. Azərbaycan yığması da mötəbər yarışa dəvət alıb. Bilirsiniz ki, ötən il qadınlardan ibarət yığmamız dünya çempionatında mübarizə apardı. Hərçənd komandamızın çıxışı o qədər uğurlu olmadı. Yığmamız qrupdan çıxmağı bacarsa da, ilk pley-off görüşündə məğlub oldu. İsraildəki yarışda ən güclü heyətlə təmsil olunmağı planlaşdırırıq. Yaxın günlərdə heyət və kapitan barədə məlumat veriləcək”.