18:49 28-04-2022
news_image
141
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbovun İddiaçılar Turnirində ilk rəqibi bilindi

Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində Beynəlxalq Şahmat Federasiyasının rəhbər heyətinin toplantısı keçirilir. 

Apasport.az saytının məlumatına görə, görüşdə ali şahmat qurumunun məsul şəxsləri, o cümlədən qitələr üzrə federasiya rəhbərləri iştirak edir. 

Toplantıda şahmat üzrə İddiaçılar Turnirinin püşkatma mərasimi keçirilib. Mötəbər mərasimdə ölkəmizi Azərbaycan Şahmat Federasiyasının prezidenti, FİDE-nin vitse-prezidenti Mahir Məmmədov təmsil edib. 

Püşkə əsasən Teymur Rəcəbova 4 rəqəmi qismət olub. Şahmatçımız ilk turda ağ fiqurlarla Fransa təmsilçisi Alireza Firuzcaya qarşı oynayacaq.

Qeyd edək ki, İddiaçılar Turniri iyunun 16-dan iyulun 7-dək İspaniyanın paytaxtı Madriddə təşkil olunacaq. Yarışda səkkiz güclü şahmatçı sırasında təmsilçimiz Teymur Rəcəbov da mübarizə aparacaq. İddiaçılar Turnirinin qalibi şahmat tacı uğrunda görüşdə dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.