13:12 06-05-2022
news_image
567
DİGƏR NÖVLƏR

Fərid Qayıbov: “Komanda sayının artacağına şübhə eləmirəm”

“Bu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş turnirdir. Həmçinin ilk dəfə Qarabağda yarış təşkil olunur. Bir nazir kimi, mənim üçün çox sevindirici gündür”.

Apasport.az saytının məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov Suqovuşanda təşkil edilən avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku-2022” turniri barədə danışarkən deyib.

Nazir bu tədbirin əsl bayrama çevrildiyini söyləyib: “Tərəfdaşlar və bütün könüllülər tərəfindən burada hər şey yüksək səviyyədə təşkil olunub. Bu münasibətlə bütün Azərbaycan idman ictimaiyyətini təbrik edirəm. Bu gün burada olmağımızın başlıca səbəbi Ali Baş Komandanımız cənab İlham Əliyevin və ordumuzun torpaqları bizə bəxş etməsi, qaytarmasıdır.

O, turnirdə iştirakçı ölkə sayının 5 olmasına da toxunub. Fərid Qayıbov bunu turnirin keçirilməsi barədə qərarın qısa müddətdə verilməsi ilə əlaqələndirib: “Budəfəki turnirdə 5 ölkənin komandası – Azərbaycan, Özbəkistan, Gürcüstan, Türkiyə və Moldova iştirak edir. Çünki qısa müddət əvvəl yarışın təşkili barədə qərar verildi. İdman təqvimi öncədən planlaşdırılır. İnanıram ki, bu tədbir ənənəyə çevriləcək. Növbəti illərdə iştirakçı komandaların sayının artacağına şübhə eləmirəm. Bütün idmançılarımıza uğurlar arzulayıram”.

Nazir işğaldan azad olunmuş digər ərazilərdə də turnirin keçirilməsini Azərbaycan Avarçəkmə və Kanoe Federasiyası ilə müzakirə etdiklərini vurğulayıb: “İşğaldan azad olunmuş digər ərazilərimizdə də gələcəkdə idman yarışlarının təşkili planda var. Federasiya ilə birlikdə bunu müzakirə edirik. Artıq müəyyən işlər görülür”.